Dünyada 1,5 milyard insan Ukrayna taxılından, Rusiyanın ərzaq və gübrəsindən asılı olduğundan taxıl ixracını bərpa etmək üçün danışıqlar mümkün qədər tez başa çatdırılmalıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ukrayna üzrə böhran koordinatoru Amin Avad bildirib.
“Dünyada bu ərzağa və gübrəyə ehtiyacı olan 1,5 milyard insan var. Ümid edirəm ki, danışıqlar həqiqətən problemsiz keçəcək və mümkün qədər tez başa çatdırılacaq, növbəti böhranla üzləşməmiş limanlar blokadadan çıxarılacaq və gübrə, ərzaq ixracı bərpa olunacaq”, - diplomat Cenevrədə keçirdiyi brifinqdə bildirib.
Qeyd edək ki, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bu məsələni müzakirə etmək üçün hazırda Moskvada Rusiya hökumətinin nümayəndələri ilə görüşlər keçirir.