İyunun 3-də axşam saatlarında Ermənistanın paytaxtında yerləşən hökumət iqamətgahının qarşısında Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılarla hüquq-mühafizə orqanları arasında toqquşma baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mediasına istinadla xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iğtişaşlar nəticəsində azı 60 nəfər tibb müəssisələrinə müraciət edib ki, onların da 39-u polis əməkdaşıdır.
Həmçinin aksiyalar zamanı 11 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq polis bölmələrinə aparılıb.
Qeyd edək ki, Ermənistanda Baş nazirin istefası tələbi ilə kütləvi etirazların başlamasından bir ay ötür. Nümayiş iştirakçıları Nikol Paşinyanın Azərbaycanla sərhədlərin demarkasiyası zamanı Bakıya güzəştlərə getməkdə ittiham edir və onu dayandırmaq niyyətində olduqlarını bildirirlər.