Yunanıstanın Ankaradakı səfiri Kristodoulos Lazaris Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfirə Yunanıstanın PKK terror təşkilatına dəstəyi və həmin terror təşkilatının Türkiyənin Afinadakı səfirliyi yaxınlığında aksiya keçirməsinə etiraz bildirilib.
PKK terror təşkilatının Yunanıstanda rahat şəkildə təbliğat aparması, bu təşkilatın nümayəndələrinin işlə təmin olunması, eləcə də terrorla əlaqəli dairələr üçün Yunanıstanın təhlükəsiz məkana çevrilməsi səfirin diqqətinə çatdırılıb. Bundan başqa, Türkiyənin təhlükəsizliyini təhdid edən terrorçuların hər cür logistik və təlim imkanlarından yararlandığı barədə Lavrion düşərgəsinə aid sübutlar yunan səfirə göstərilib.
Lavrion düşərgəsinin PKK-nın İraq və Suriyadakı düşərgələri ilə müqayisə oluna biləcək bir terror nöqtəsinə çevrildiyi, bu düşərgədən başlayıb Türkiyənin Afinadakı səfirliyi ətrafında davam edən PKK nümayişi ilə bağlı Türkiyənin etirazı da səfirə çatdırılıb.
Görüşdə Yunanıstandakı türk nümayəndələrinin və vətəndaşlarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar da ifadə olunub, Türkiyənin terrorla mübarizədə səmərəli əməkdaşlıq gözləntiləri bir daha vurğulanıb.
Yunanıstanın terrorla mübarizədə qonşuluq münasibətlərindən və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməli olduğu da ifadə olunub.