İqlim dəyişiklikləri, təbii fəlakətlər və pandemiya nəticəsində onsuz da çətinləşən ərzaq təminatı Ukraynadakı hərbi əməliyyatlar nəticəsində inkişaf etməkdə olan ölkələr üçün böhran səviyyəsinə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, BMT vəziyyətin humanitar fəlakət həddinə çatacağından narahatdır və buna görə də regiondan ərzaq məhsullarının, xüsusilə də taxılın beynəlxalq bazarlara çıxarılmasına imkan yaradılması üçün danışıqlar aparır.
BMT-nin Ukrayna üzrə böhran koordinatoru Amin Avad bildirib ki, Ukraynadan taxılın, Rusiyadan isə gübrənin ixracatının dayandırılması dünyada 1,4 milyard insan üçün ərzaq çatışmazlığına səbəb ola bilər. Buna görə də Qara dənizdən keçən ticarət yollarının blokadadan çıxarılması mühüm əhəmiyyət daşıyır.
O həmçinin bildirib ki, Qara dənizdə limanların beynəlxalq yük daşımaları üçün açılmasına nail olunmazsa, o zaman dünyanın bir çox ölkələrində aclıq, qeyri-sabitlik və kütləvi miqrasiya qaçılmaz olacaqdır. BMT-nin əsas hədəfləri arasında müharibənin ərzaq təhlükəsizliyinə göstərdiyi dağıdıcı təsirləri məhdudlaşdırmaqdan ibarətdir və bunun üçün də mühüm taxıl və xammal ticarətinə olan blokadanı aradan qaldırmağa çalışır.
Afrika ölkələrində, xüsusilə də Çadda ərzaq təminatı ilə bağlı vəziyyət ağırlaşıb və fövqəladə vəziyyət elan edilib. BMT-nin xəbərdarlığına görə, bu il Çad əhalisinin üçdəbiri və ya 5,5 milyon insanın təcili humanitar yardıma ehtiyacı yarana bilər. Dünya Ərzaq Proqramı hələ bu ilin mart ayında proqnozlaşdırırdı ki, iyun ayından etibarən Çadda azı 2,1 milyon insan ağır ərzaq təhlükəsi ilə üz-üzə qala bilər.