Qazaxıstanda konstitusiyaya əlavə və dəyişikliklər üzrə referendum sakit şəraitdə keçib və baş tutmuş hesab edilib. Belə ki, səsvermədə iştirak edənlərin sayı zəruri olan 50 faiz həddini ötüb.
NUHÇIXAN İnformasiya Agentliyi Kazinform agentliyinə istinadla xəbər verir ki, Mərkəzi referendum komissiyasının məlumatına görə, ölkə üzrə bütün məntəqələr bağlanarkən 68,44 faiz seçici fəallığı qeydə alınıb. Referendumun ilkin nəticələri gecə saatlarında yerli telekanallar ekzitpolun məlumatlarını elan etdikdən sonra məlum olacaq.
Ölkə qanunvericiliyinə əsasən, Mərkəzi referendum komissiyası yekun nəticələri səsvermədən sonrakı yeddi gün ərzində dərc etməlidir.
Konstitusiyaya əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi təşəbbüsünü Prezident Kasım-Jomart Tokayev aprelin 29-da Qazaxıstan xalqları assambleyasının sessiyasında irəli sürüb. Təklif olunan dəyişikliklərə əsasən, dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin və yerli nümayəndəli orqanların rolu əhəmiyyətli dərəcədə gücləndirilir, Konstitusiya Məhkəməsi yaradılır, həmçinin ölkənin birinci prezidenti Nursultan Nazarbayevin statusu haqqında müddəa konstitusiyadan çıxarılır.