Ukrayna böhranı Avropanın zəif yerlərini üzə çıxarıb və Avropa İttifaqını yeni strateji çağırışlar qarşısında qoyub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel iyunun 6-da La Repubblica qəzetində dərc olunmuş məqaləsində ifadə edib.
Onun sözlərinə görə, Aİ-nin qarşısında kibernetika, dəniz və kosmik sahələr də daxil olmaqla, bütün strateji sektorlarda çağırışlar dayanır. “Biz müdafiə alətləri əldə etməliyik, bu təkcə müdafiə məsrəflərini yaxşılaşdırmağı deyil, onları artırmağı tələb edir”, - deyə Borrel yazıb. O, qeyd edib ki, Avropa İttifaqı ölkələri 2009-2018-ci illər ərzində müdafiə xərclərini 160 milyard avro azaldıb. 2021-ci ildə Aİ müdafiənin möhkəmləndirilməsinə nəzərdə tutulan 35 faiz əvəzinə yalnız 8 faiz xərc yönəldib.
“Avropa hökumətləri müdafiə üçün vəsaiti hədsiz dərəcədə az, çox parçalanmış və səpələnmiş şəkildə xərcləyir”, – deyə ali nümayəndə əlavə edib.