Taxıl məhsullarının ixracı məqsədilə Ukrayna limanlarında gəmiçilik fəaliyyətinin bərpası Türkiyə və Rusiya arasında müvafiq razılaşma əldə edildikdən sonra mümkün ola bilər.
NUHÇIXAN İnformasiya Agentliyi “Sabah” qəzetinə istinadla xəbər verir ki, təhlükəsiz dəniz dəhlizinin yaradılması məsələsi iyunun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ankaraya səfəri zamanı müzakirə ediləcək. Türkiyə və Rusiya xarici işlər nazirləri arasında Ankarada keçiriləcək danışıqlarda təhlükəsiz dəniz dəhlizinin yaradılması məsələsi ilə yanaşı, Ukraynada atəşkəsin tezliklə bərqərar edilməsi üçün görüləcək tədbirlər də müzakirə olunacaq.
Türkiyə tərəflər arasında fikir ayrılıqlarının tezliklə aradan qaldırılmasının və təhlükəsiz dəniz dəhlizinin yaradılmasının tərəfdarıdır. Eyni zamanda, Ankara logistika, kənd təsərrüfatı nümayəndələri və hərbi ekspertlər arasında görüşlərin keçirilməsinə də çalışır.