ABŞ ərzaq böhranının aradan qaldırılması üçün yollar axtarır və bununla əlaqədar Belarusa qarşı tətbiq olunan sanksiyaların bir hissəsini müvəqqəti ləğv etmək imkanlarını nəzərdən keçirir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki “The Wall Street Journal” nəşri bu barədə ABŞ administrasiyasında olan mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə Birləşmiş Ştatlar Ukraynadan taxılın daşınması üçün dəhliz verilməsi müqabilində Belarusun kalium gübrə sənayesinə qarşı sanksiyaları altı aylığına ləğv etməyi düşünür. Bu ideya ondan ibarətdir ki, Ukrayna taxılı Qara dənizlə deyil, Belarus ərazisindən keçməklə dəmiryolu vasitəsilə Litvanın Klaypedaya limanına daşınsın. BMT və bəzi diplomatlar bu təşəbbüsü dəstəkləyir. Lakin Vaşinqtonun Minsk üzərindən sanksiyaları götürməsi mümkün görünmür, çünki Ukrayna bunun əleyhinədir. Prezident Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consonla söhbətində mövqeyini bildirib. Boris Conson da Ukrayna liderinin mövqeyini dəstəkləyərək Belarusa qarşı sanksiyaların aradan qaldırılmasına ehtiyac olmadığını deyib.
“The Wall Street Journal” yazır ki, ABŞ Dövlət Departamenti də Minsklə razılaşmanın nəticə verəcəyinə şübhə ilə yanaşır. Onlar Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiya lideri ilə sıx əməkdaşlıq etdiyini və bu səbəbdən Birləşmiş Ştatlarla sövdələşməyə getməyəcəyini düşünürlər. Bu səbəbdən digər istiqamətlər üzrə səylər davam etdirilir.