Çinin smartfon istehsalçısı “Huawei” Rusiyadakı mağazalarını bağlamağa başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, artıq kompaniyanın 19 rəsmi satış nöqtəsindən dördü fəaliyyətini dayandırıb və bu tendensiya yaxın aylarda da davam edəcək.
Aprelin 9-da “Huawei” özünün “AppGallery” mağazasından sanksiyalara məruz qalan Rusiya banklarının tətbiqlərini silib, aprelin 12-də isə “Mir” kartları üçün dəstəyini dayandırıb. Mayın 6-da “The Wall Street Journal” Çinin bəzi iri texnologiya şirkətlərinin rəsmi açıqlama vermədən Rusiya bazarını tərk etdiyini yazıb. Rusiyaya tədarükü azaldan kompaniyalar arasında “Lenovo” və “Xiaomi” smartfon istehsalçıları da var.
Moskvanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri mindən çox xarici kompaniya Rusiya bazarını tərk edib.