Strasburqda iyunun 20-dən 24-dək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası keçiriləcək.
AŞPA mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, AŞPA yay sessiyasında Niderlandın Kralı Villem-Aleksandr və Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulun çıxışları gözlənilir. AŞPA Nazirlər Komitəsinin sədri, İrlandiyanın xarici işlər və müdafiə naziri Saymon Kovenin, Finlandiyanın xarici işlər naziri Pekka Haavistonun, Avropa Şurası Baş Katibi Mariya Peyçinoviç-Buriçin iştirakı ilə qurumun yay sessiyası çərçivəsində “Avropada demokratik təhlükəsizliyi müdafiə etmək” adlı yüksək səviyyəli və interaktiv debat paneli nəzərdə tutulub. Panel “Avropada təhlükəsizliyə dair son çağırışlar: Avropa Şurasının rolu nədir?” adlı hesabatın davamı kimi təşkil olunduğu bildirilir.
Sessiya çərçivəsində müzakirə olunacaq digər mövzular arasında Rusiyanın Ukraynaya təcavüzünün humanitar nəticələri, xüsusilə də daxili və xarici miqrasiya, MH17 təyyarəsinin vurulmasına dair məsuliyyət kimi məsələlər də yer alıb. Həmçinin AŞPA parlamentariləri onlayn kommunikasiyanın monitorinqi, Avropada antisemitizmin qarşısının alınması, ona qarşı necə mübarizə aparılması, keyfiyyətli xidmətlər və peyvənd əleyhinə miflərin məhv edilməsi yolu ilə peyvənd vasitəsi ilə qarşısı alına bilinən xəstəliklərlə mübarizə kimi məsələlərin də müzakirə ediləcəyi gözlənilir.
Sessiyada müxtəlifliyin və inklüzivliyin təşviqində siyasi partiyaların rolu, eləcə də sülh və barışıq proseslərində qadınlar üçün ədalət və təhlükəsizlik mövzuları üzrə debatlar aparılacağı bildirilir.
AŞPA yay sessiyası çərçivəsində Maltanın Avropa Şurasına üzvlüyü ilə bağlı öhdəliklərini yerinə yetirməsinə dair müzakirə olunacağı və onun Qırğız Respublikası parlamenti ilə demokratiya üçün tərəfdaşlığı nəzərdən keçirəcəyi bildirilir.