Yaponiya iki il müddətinə digər dörd ölkə birlikdə BMT Təhlükəsizlik Şurasına üzv seçilib. Bununla əlaqədar səsvermə iyunun 9-da keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi Yaponiya KİV-nə istinadla xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının sədri Abdulla Şahid məlumat verib. BMT Təhlükəsizlik Şurasına seçilən digər dörd ölkə isə Ekvador, Malta, Mozambik və İsveçrədir. Bu ölkələrin səlahiyyət müddətinin 2023-cü il yanvarın 1-də başlanacağı bildirilir.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi və 5 daimi üzvü vardır. Bu, BMT-nin sanksiyalar və güc tətbiqi barədə hüquqi cəhətdən məcburi qərarlar verən yeganə orqanıdır.
Rusiya və Çindən olan nümayəndələr başqalarının hərəkətə keçməsinə mane olduqlarına görə tənqidlə üzləşiblər.
Yaponiyanın BMT-dəki səfiri Kimihiro İşikane bildirib ki, ölkə diplomatları öz imkanlarından bəzi islahatlar aparmaq üçün istifadə etməyə ümid edirlər. O, Təhlükəsizlik Şurasının öz funksiyalarını yerinə yetirə bilmədiyini, lakin bir çox üzvlərin həll yolu tapmaq üçün əllərindən gələni etdiklərini də deyib.
K.İşikane həmçinin bildirib ki, Yaponiya münaqişələrin qarşısını almaqda və onların təkrarlanmasına yol verməmək üçün digər ölkələrlə əlbir çalışmağa hazırdır.