Polşa Ukraynadan taxıl daşıma imkanlarını genişləndirmək niyyətindədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı nazirinin müavini Henrik Kovalçik məlumat verib. O bildirib ki, hazırda bu istiqamətdə intensiv işlər görülür və yaxın gələcəkdə daşımaların həcmi 1,5 milyon tona çatdırıla bilər. Polşa-Ukrayna sərhədində yüklərin keçirilməsi üçün texniki imkanların genişləndirilməsi üzərində iş aparılır.
Qeyd edilib ki, Ukrayna tərəfi quru yolla Polşadan keçməklə aylıq beş milyon ton taxılın daşınmasını istəyir. H.Kovalçik isə bildirib ki, hazırda texniki imkanlar bu həcmdə daşınmalara icazə vermir. Bu sahədə ən böyük problem isə iki ölkə arasında dəmir yollarında relslərin fərqli standartlar əsasında olması və buna görə də yüklərin sərhəd-keçid məntəqələrində vaxt itkisi ilə keçirilməsidir. Digər tərəfdən isə yüklərin daşınması üçün konteyner çatışmazlığı mövcuddur və buna görə bir sıra Avropa ölkələri, xüsusilə də Almaniya ilə əlavə konteynerlərin ayrılması üçün danışıqlar aparılır.