Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Bosniya və Herseqovinadan olan siyasi partiya rəhbərləri ilə görüşüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşdə Bosniya və Herseqovinadakı qurumların fəaliyyət prinsipləri nəzərdən keçirilib, ölkənin Aİ-yə üzvlük prosesinin sürətləndirilməsi ilə bağlı razılıq əldə edilib.
Həmçinin ölkədə sülhün və sabitliyin qorunmasının zəruriliyi, Bosniya və Herseqovinanın suveren, müstəqil və funksional Avropa dövləti olduğu vurğulanıb, Aİ-nin EUFOR sülhməramlı missiyasının səlahiyyət müddətinin uzadılmasına dəstək ifadə olunub.
Qeyd edək ki, Xorvatiya Demokrat Birliyinin rəhbəri Draqan Çoviç Bosniya və Herseqovinadakı bütün siyasi partiyaların rəhbərlərinin iştirak etdiyi görüşü boykot edib.