Türkiyə Şərqi Aralıq dənizində təbii qaz yataqlarının kəşfiyyatını bərpa edəcək. Hazırda isə Ankara üçün prioritet Qara dənizdə qaz hasilatıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Milliyet” qəzeti bu barədə Türkiyənin energetika naziri Fatih Dönməzə istinadla məlumat yayıb. Onun sözlərinə görə, Qara dənizdəki yataqlardan qaz hasilatı xarici asılılığı azaltmaq məqsədi daşıyır. “Hazırda Türkiyənin xaricdən təbii qaz asılılığı 99 faizdir”, - deyə Fatih Dönməz bildirib.
Nazir qeyd edib ki, Türkiyənin Aralıq dənizindəki müstəsna iqtisadi zonasında hasil olunacaq qaz digər ölkələrlə birgə Avropaya da tədarük edilə bilər. Türkiyə hakimiyyəti bunun üçün İsraillə danışıqlar aparmaq niyyətindədir.
“Dünya sürətlə yeni enerji böhranına doğru irəliləyir. Bir sıra ölkələrə tətbiq edilən sanksiyalar neft və qazın bahalaşmasına səbəb olub. Buna görə Avropa yeni enerji mənbələri axtarır. Biz bu məsələ ətrafında müzakirələr və mümkün razılaşmalar üçün perspektivin olduğunu görürük”, - deyə Fatih Dönmez əlavə edib.
Türkiyə iyunun 13-də Qara dənizin dibi ilə Sakarya yatağına 170 kilometrlik qaz kəmərinin çəkilişinə başlayıb. Mərasimdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin birinci rübündə təbii qazın istehlakçılara çatdırılacağını bildirib.
Xatırladaq ki, 2020-ci ildə Türkiyə hakimiyyəti Qara dənizdə 540 milyard kubmetr həcmində proqnozlaşdırılan qaz ehtiyatının kəşf olunduğu elan edib. Onların ən böyüyü olan “Sakarya” yatağında ehtiyatların həcminin 400 milyard kubmetri keçdiyi bildirilir. Ankara bu yataqdan qaz hasilatı üzrə layihəyə təxminən 10 milyard dollar sərmayə qoymağı planlaşdırır.