Zaporojye vilayətində Rusiya ilə Ukrayna arasında ölən hərbçilərin cəsədlərinin növbəti dəyişdirilməsi baş tutub. Ukrayna “Azovstal”da həlak olan hərbçilərin daha 64-nün cəsədini qaytarıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi "Facebook" səhifəsində məlumat yayıb.
Müvafiq razılıq xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə müvəkkil Oleq Kotenkonun iştirakı ilə aparılan danışıqlar nəticəsində əldə olunub.
Əməliyyat Reinteqrasiya Nazirliyi, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Ukrayna Təhlükəsizlik Xidməti, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və Ukraynanın digər hüquq-mühafizə orqanlarının əməkdaşlığı ilə həyata keçirilib.
Ölən Ukrayna əsgərlərinin cəsədlərinin qaytarılması prosesi davam edir. Bu, Cenevrə Konvensiyasının normalarına uyğun olaraq baş verir.
Qeyd edək ki, bundan öncə, iyunun 9-da “Azovstal”da daha həlak olan 58 hərbçinin cəsədi Ukraynaya gətirilmişdi.