Türkiyə və Gürcüstanın müdafiə nazirləri Qara dəniz və Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələlərini müzakirə ediblər
Gürcüstanın milli müdafiə naziri Cuanşer Burçuladze Brüsseldə Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstanın Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirib ki, NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası çərçivəsində keçirilən görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə Qara dəniz, eləcə də Cənubi Qafqaz regionlarında təhlükəsizlik, sülh və sabitlik məsələləri də diqqət mərkəzində olub.
C.Burçuladze Gürcüstanın Müdafiə Qüvvələrində həyata keçirilən islahatlar barədə türkiyəli həmkarına məlumat verib, Türkiyənin hərbi təhsil sahəsində göstərdiyi dəstəyə görə minnətdarlıq edib.