Ukraynadakı müharibənin nəticələri kütləvi aclığa səbəb ola bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı təhlil ABŞ hökumətinin nümayəndəsinə istinadla “Vaşinqton Post” qəzətində dərc olunub. Ukraynadakı müharibənin nəticələri potensial olaraq kütləvi aclığa səbəb ola biləcəyi qeyd olunub.
Qəzetin jurnalisti David İqnatius Ukraynadakı müharibənin qlobal ərzaq bazarlarına indiki təsirinin və qiymət artımlarının yalnız başlanğıc olduğunu qeyd edib.
"Ağ Evin yüksək rütbəli nümayəndəsi xəbərdarlıq etdi ki, tez bir zamanda tədbir görülməsə, müharibə kütləvi aclığa səbəb ola bilər", - deyə İqnatius yazır.
O, Qlobal İnkişaf Mərkəzinin proqnozlarına istinad edərək qiymət artımının bütün dünyada 40 milyondan artıq insanı yoxsulluğa və aclıq təhlükəsinə sürükləyəcəyini proqnozlaşdırıb. Öz növbəsində, USAİD-in aclıq üçün erkən xəbərdarlıq sistemi xüsusilə fəlakət riski altında olan 10 ölkəni siyahıya alıb. Siyahıya görə, Efiopiya, Keniya, Somali, Cənubi Sudan, Madaqaskar və Burkina Fasonun bəzi bölgələrində insanlar aclıq astanasındadır.
Qeyd edək ki, USAİD-in məlumatına görə, müharibə dünya buğda və arpa ixracının 30 faizinin qarşısını alıb. İqnatius öz yazısında müharibədən əvvəl Ukraynanın ayda 5-6 milyon ton taxıl ixrac etdiyini, lakin hazırda bu rəqəmin təxminən 2 milyon olduğunu qeyd edib.