ABŞ prezidenti Co Baydenin administrasiyası qabaqcıl texnologiyaların Rusiyanın əlinə keçməsi ehtimalından ehtiyat edərək, dörd MQ-1C Grey Eagle kəşfiyyat və zərbə dronlarının Ukraynaya satışını dayandırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Reuters informasiya agentliyi məsələ ilə yaxından tanış olan mənbələrinə istinadla məlumat yayıb. Qeyd olunur ki, Rusiya ilə döyüş meydanında istifadə üçün MQ-1C Grey Eagle pilotsuz təyyarələrinin satışına etirazlar Pentaqonun Müdafiə Texnologiyalarının Təhlükəsizliyi Mərkəzinin ətraflı araşdırmasından sonra ortaya çıxıb. Məhz bu mərkəzə belə bahalı texnologiyaların düşmənin əlinə keçməsinin qarşısını almaq tapşırılıb. Hesab olunur ki, pilotsuz təyyarələrin radarları və müşahidə cihazları Rusiyanın əlinə keçə və bu da Amerikanın təhlükəsizliyinə təhdid yarada bilər.
Pentaqonun sözçüsü Syu Qofa görə, belə yoxlamalar ABŞ-ın müdafiə avadanlığının xaricə satışı zamanı keçirilən standart təcrübədir.
Qeyd edək ki, Pentaqonun daha yüksək səviyyəli komandanlığı tərəfindən hazırda müqavilənin davam etdirilməsi nəzərdən keçirilir, lakin bunun hansı müddətdə reallaşacağı məlum deyil.
Xatırladaq ki, bundan əvvəl Amerika pilotsuz təyyarələrinin Ukraynaya təhvil verilməsi layihəsi Ağ Ev tərəfindən təsdiqlənib.