Litvanın müvəqqəti işlər vəkili Rusiya Xarici işlər Nazirliyinə (XİN) çağırılıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, buna səbəb Litvanın Rusiyanın Kalininqrad vilayətindən bir sıra malların tranzitini dayandırmaq qərarı olub.
“Litva ərazisindən Kalininqrad vilayətinə geniş çeşiddə malların dəmir yolu ilə tranzitinə Rusiya tərəfini əvvəlcədən xəbərdarlıq etmədən Vilnüs tərəfindən qoyulmuş qadağa ilə əlaqədar diplomatik nümayəndəliyin rəhbərinə kəskin etiraz edilib. Bu məhdudiyyətlərin dərhal aradan qaldırılmasını tələb olunub.
Biz Litva tərəfinin beynəlxalq hüququn öhdəliklərini, ilk növbədə Kalininqrad vilayəti ilə Rusiya Federasiyasının qalan əraziləri arasında tranzitlə bağlı Rusiya Federasiyası və Avropa İttifaqının 2002-ci il tarixli Birgə Bəyanatını pozan təxribat xarakterli addımlarını açıq düşmənçilik kimi qiymətləndirdiyimizi bildirdik.
Bununla bağlı bəyan etdik ki, əgər yaxın gələcəkdə Kalininqrad vilayəti ilə Rusiya Federasiyasının digər əraziləri arasında Litva ərazisindən keçən yük tranziti tam həcmdə bərpa olunmazsa, o zaman Rusiya öz milli maraqlarını qorumaq üçün tədbirlər görmək hüququnu özündə saxlayır”, - Rusiya XİN-in yaydığı məlumatda qeyd olunub.