Altı ay davam edən və 192 ölkənin, o cümlədən Azərbaycanın iştirak etdiyi “Ekspo Dubay 2020” sərgisinin ərazisi yeni şəhərə çevriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi WAM informasiya agentliyinə istinadla xəbər verir ki, yeni şəhər “Expo City Dubai” adlanacaq.
Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktum bildirib ki, yeni şəhərdə biznes mərkəzləri və logistika ofisləri fəaliyyət göstərəcək. Bundan başqa, “Al Vasl Plaza” sarayı, işıqlı şəlalə və bir neçə ölkənin pavilyonları da saxlanılacaq, həmçinin 24 milyon ziyarətçi qəbul edən “Ekspo Dubay 2020” sərgisinin eksponatlarından ibarət muzey və konqres-sərgi mərkəzi açılacaq.
Yeni şəhərin açılış mərasimi bu ilin oktyabrında keçiriləcək.