Yaponiya hökuməti “Twitter” və “Meta” şirkətlərini ölkədə qeydiyyatdan keçməyəcəkləri halda cərimələyəcək
Yaponiya hökuməti əcnəbi IT şirkətlərini, o cümlədən “Twitter” və “Meta” şirkətlərini ölkədə hüquqi şəxs kimi qeydiyyatdan keçməyəcəkləri halda cərimələyəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə iyunun 21-də nüfuzlu “Nikkei” qəzeti məlumat yayıb.
Bildirilir ki, Yaponiya hökuməti mart və iyun aylarında ümumilikdə 48 IT şirkətinə müraciət edərək onlardan tam hüquqi şəxs kimi qeydiyyatdan keçməyi tələb edib. Həmin tələb ölkə ərazisində daimi əsaslarla biznes qurmuş bütün təşkilatlara göndərilib. Belə olan halda, həmin şirkətlər istifadəçilərin haqlarını pozduqda hüquqi prosedurlar asanlaşır.
Buna baxmayaraq, bəzi texnoloji şirkətlər təklif etdikləri xidmətlər internet üzərindən olduğuna görə, onların yalnız marketinq əməliyyatlarına cavab verən bir əməkdaşının qeydiyyatını kifayətedici hesab edirlər. Nəşrin bildirdiyinə görə, həmin şirkətlər qeydiyyatdan sonra onlardan tələb ediləcək vergilərin məbləğinin artacağından ehtiyat edirlər. Həmin prosedur həyata keçirilmədiyi halda cərimə cəmi 1 milyon yen (7,4 min dollar) təşkil edir.
Həmçinin bildirilir ki, müraciət olunan 48 şirkətdən bir çoxu artıq qeydiyyatdan keçib. Lakin nə “Twitter”, nə də “Meta” iyunun 15-dək bu tələbə əməl etməyib.