“Hayreniq” (“Vətən”) partiyası Ermənistan parlamentindəki Ermənistan Respublikaçılar Partiyası ilə birgə yaratdığı “Şərəfim var” blokunda fəaliyyətini de-fakto olaraq dayandırır.
NUHÇIXAN İnformasiya Agentliyi “mamul.am” saytına istinadla xəbər verir ki, bu barədə deputat, “Hayreniq” partiyasının rəhbəri, dövlət təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Artur Vanetisyanın bir-neçə saat əvvəl yayılmış bəyanatında deyilir.
Vanetisyan sədri olduğu parlament partiyasının 2021-ci ildə keçirilən növbədənkənar seçkilər zamanı “seçicilərin onlara göstərdiyi etimadı doğrultmadığını” əsas gətirərək deputat mandatından imtina barədə mərkəzi seçki komissiyasına ərizə ilə müraciət etdiyini bildirib.
Daxil olduğu blokun parlamentdəki fəaliyyətinin səmərəsiz olduğunu deyən Vanetisyan fikrini belə davam etdirib: "Özümü bu parlamentdə görmədiyimi bir-neçə dəfə bəyan etmişdim. Səbəb isə sadədir, vətəndaşlar ona görə bizə səs vermişdilər ki, biz hakimiyyətin destruktiv fəaliyyətinin qarşısını alaq, ölkəni indiki vəziyyətdən çıxaraq, lakin, fikrimcə, bu alınmadı”.
Partiyasının parlamentdənkənar mübarizəni daha səmərəli hesab etdiyini bildirən keçmiş xidmət rəisi bundan sonra “mübarizəni xalqla bərabər aparacağını” bildirib.
Xatırladaq ki, dünən yayılan qalmaqallı səs yazısında Hüquq Şurasının sədri Cahangiryan Vanetisyan və Sarqisyanı “5-ci kalon” adlandırmışdı.