İngilis fotoqraf Ceymi Kuper Beynəlxalq Kosmik Stansiyanın günəş ətrafında siluetini çəkib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Norsamptonşayrda yaşayan 52 yaşlı fotoqraf Kosmik Stansiyanı evinin üstündən gördüyünü deyib.
Kuper teleskop və yüksək sürətli kameranın köməyi ilə Stansiyanın Günəş üzərindən keçməyini qeydə alıb.
Peşəkar fotoqraf və həvəskar astronom olan Kuper lazımi vaxta lazımi yerdə olduğunu bildirib.
O söyləyib ki, “Üç gün əvvəl yoxladım, evimdən yan keçirdi. Bir gün əvvəl yoxlayanda evimin üstündən keçirdi. Deyə bilərəm ki, bəxtim gətirib”.
Beynəlxalq Kosmik Stansiya Kuperin evinin üstündə olanda o, təxminən 400 kilometr uzaqda idi və saatda 27,300 kilometr sürətlə hərəkət edirdi.
Kuper kamerasının saniyədə 25 kadr olan normal kamera sürətindən fərqli olaraq, saniyədə 80 kadr çəkdiyini qeyd edib.
Fotoqraf bu kadrları çəkərkən filtrli xüsusi teleskopundan istifadə etdiyini də bildirib.