Türkiyənin Muğla vilayətində yerləşən meşəlik ərazilərdə üç fərqli nöqtədə eyni zamanda yanğın baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hadisə ilə bağlı məlumat verən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi hazırda yanğının söndürülməsi istiqamətində işlərin davam etdiyini bildirib.
Son məlumata əsasən, güclü külək səbəbindən yanğını nəzarət altına almaq mümkün deyil. Havanın qaralması ilə təyyarə və helikopterlərin yanğına müdaxiləsi də çətinləşib. Yanğının baş verdiyi bölgəyə gedən yollar nəzarət altına alınıb, əraziyə girişlər qadağan olunub.
Bölgəyə çox sayda yanğınsöndürən maşın və 600-ə yaxın canlı qüvvə cəlb olunub.
Hidrometeoroloqlar iyunun 22-si günorta saatlarından etibarən küləyin təsirinin artacağını proqnozlaşdırırlar. Bu səbəbdən çox sayda helikopter və təyyarə ilə havadan söndürmə işlərinin aparılması planlaşdırılır.
Hadisə ilə bağlı Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) verilən son açıqlamada ölkənin Burdur, Aydın, Dənizli və Antalya vilayətlərindən mütəxəssislərin bölgəyə cəlb edildiyi, Afyonkarahisar, Kütahya, İzmir və Uşakda yerləşən qrupların isə həyəcan vəziyyətinə gətirildiyi bildirilir.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi ilə daxili işlər naziri Süleyman Soylu yanğın ilə bağlı işləri araşdırmaq üçün bölgəyə hərəkət ediblər.