Türkiyədə meşə yanğınları ilə mübarizəyə 20 helikopter və 14 təyyarə cəlb olunub - VİDEO
Dünən axşam saatlarından başlayaraq Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda yerləşən meşəlik ərazilərdə çıxan yanğının söndürülməsi işləri davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yaşayış ərazilərindən təqribən 3-4 kilometr kənarda baş verən yanğının söndürülməsinə, havadan 20 helikopter və 14 yanğınsöndürmə təyyarəsi, qurudan isə xüsusi texnika ilə yanaşı 1500-ə yaxın canlı qüvvə cəlb olunub.
Bölgədə 30-a yaxın ev təxliyə edilib.
Təxminən 250 hektar ərazini əhatə edən yanğının baş verdiyi bölgəyə gedən yollar nəzarət altına alınıb, əraziyə girişlər qadağan olunub.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi ilə daxili işlər naziri Süleyman Soylu yanğın ilə bağlı işləri araşdırmaq üçün bölgədə olublar. Hadisə ilə bağlı açıqlama verən Süleyman Soylu araşdırmanın başlandığını, təxribatla bağlı danışmağın hələ tez olduğunu bildirib.
Qeyd edək ki, hidrometeoroloqlar iyunun 22-i günorta saatlarından etibarən küləyin təsirinin artacağını proqnozlaşdırırlar. Bu səbəbdən söndürmə işlərinin çox sayda helikopter və təyyarə ilə havadan aparılması planlaşdırılır.