Anadolu Agentliyi Yunanıstanın Egey adalarını qanunsuz silahlandırmasına dair təsdiqləyici fotolar təqdim edib - FOTOLAR
Türkiyənin beynəlxalq səviyyəli bütün irad və etirazlarına baxmayaraq, Yunanıstan tərəfi Egey dənizindəki Batnoz, Lipsi, İləriyə, Kələməz, İstanköy, İncirli, İstanbulya, İləki, Herke, Kərpə, Çoban, Sömbəki, Rodos və Meis adalarını silahlandırmaqda davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Anadolu Agentliyi bu xoşagəlməz, ölkələr arasında beynəlxalq qonşuluq prinsiplərinə zidd prosesi təsdiq edən fotolar paylaşıb.
Bildirilir ki, Kələməz və İstanköy arasında yerləşən Keçi adası sürətlə silahlandırılan məkanlardan birinə çevrilib. Keçi Bodrumun Turgutrəis məhəlləsinə ən yaxın olan adadır. Təqdim olunan fotolarda Yunanıstan tərəfinin Bodrumun 8 kilometrliyindəki adada yerləşdirdiyi ağır silahlar, eləcə də hərbi təyinatlı tikililərin olması təsdiqini tapır.
Qeyd edək ki, 1923-cü ilin Lozanna, 1947-ci ilin Paris anlaşmalarına görə, Yunanıstan Egey dənizinin şərqindəki adalarında silahlana bilməz. Bu məsələ beynəlxalq öhdəlikdir. Lakin Yunanıstan Egey dənizinin şərqindəki adaların statusunu pozaraq 12 adada möhkəm silahlanıb. Türkiyə tələb edir ki, Yunanıstan təcili olaraq həmin adalarda tərksilah olmalıdır.