Rusiya Prezidenti Vladimir Putinin mühafizəçisi, Federal Təhlükəsizlik Xidmətinin polkovniki Vadim Zimin başından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. Hazırda o, ağır vəziyyətdə reanimasiyadadır.
Məlumata görə, Zimin iyunun 20-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində tapılıb. Onun yanında "İzh 79-9TM" markalı travmatik tapança da olub.
Bildirilir ki, Zimin Kremldə təkcə Vladimir Putinin deyil, Boris Yeltsinin dövründə də işləyib.
Rusiya mətbuatı xəbər verir ki, Zimin gömrük xidmətində işə başlayandan sonra rüşvət ittihamı ilə açılan cinayət işinin istintaqı çərçivəsində ev dustaqlığında olub. Onu həbs cəzası gözləyir.