NATO-nun Baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına tezliklə üzv olacağına zəmanət verə bilmir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yens Stoltenberq bu barədə “Politico” qəzetinin Brüsseldə təşkil etdiyi tədbirdə çıxış edərkən deyib.
“Mənim məqsədim İsveç və Finlandiyanın NATO-ya mümkün qədər tez üzv ola bilməsini təmin etməkdir. Lakin buna zəmanət verə bilmərəm”, - deyə alyansın Baş katibi bildirib. Yens Stoltenberq, eyni zamanda, Türkiyənin etirazlarına baxmayaraq iki şimal ölkəsinin NATO-ya daxil olması ilə bağlı nikbinliyini ifadə edib.
Xatırladaq ki, mayın 18-də Finlandiya və İsveç Şimali Atlantika Alyansına daxil olmaq üçün rəsmi müraciət edib. Ankara isə terror təşkilatlarına münasibətlərini müəyyən edənə qədər bu ölkələrin NATO-ya üzvlüyünü dəstəkləməyəcəyini bildirib. İyunun 20-də Türkiyə, Finlandiya və İsveç rəsmiləri Brüsseldə NATO nümayəndələri ilə görüş keçirib. Yens Stoltenberq görüşü konstruktiv adlandırıb. O, həmçinin Ankaranın haqlı narahatlıqlarının olduğunu və danışıqların davam edəcəyini bildirib.