Şimali Kipr Türk Respublikasında (ŞKTR) 4 gündür davam edən meşə yanğını nəzarətə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ŞKTR Polis Baş İdarəsinin Yanğınsöndürmə şöbəsinin müdiri Ramadan Gürpınar bildirib.
Yanmış ərazilərdə zaman-zaman alovlanmalar olduğunu, bunun yanmamış ərazilərə keçməsinin qarşısını almaq üçün müdaxilələr edildiyini bildirən Gürpınar havadan və qurudan işlərin davam etdiyini qeyd edib: “Hələ ki bitməyib, hələlik dəqiq bir şey deyə bilmərik”.
ŞKTR-nin bütün dövlət qurumları yanğına müdaxilə edərkən vətəndaşlar da mübarizəyə dəstək verir.
Eyni zamanda kənd təsərrüfatı və təbii sərvətlər naziri Dursun Oğuz son alışma söndürülməyənədək yanğının nəzarətə alındığını deyə bilməyəcəyini vurğulayıb.
Nazir yanğına müdaxilənin 6 təyyarə və 5 helikopterlə davam etdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. ŞKTR-nin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi nümayəndəliyi fəaliyyət göstərir.