İyunun 25-də səhər saatlarında Ukraynanın iki bölgəsinə 50-yə yaxın raket zərbəsi endirilib. Xüsusilə, Jitomir və Çerniqov bölgələri hücuma məruz qalıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Jitomir vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Buneçko teleqram kanalında verdiyi məlumata görə, iyunun 25-i səhər saatlarında Jitomir vilayəti ərazisinə 30-a yaxın raket zərbəsi endirilib.
"Tammiqyaslı işğalın ilk günündə olduğu kimi, bu gün səhər saat 04:15-dən başlayaraq yenidən Jitomir vilayətinə raket zərbələri endirilib. Bu dəfə vilayət ərazisinə 30-a yaxın raket atılıb. Hərbi infrastruktura da ziyan dəyib, bir əsgər ölüb, biri isə yaralanıb”, - deyə Buneçko əlavə edib.
Çerniqov vilayəti Hərbi Administrasiyasının yaydığı məlumata görə isə bu gün səhər saatlarında Kiyev vilayəti ilə sərhəd ərazi olan Desna kəndinə 20 raket atılıb. "Səhər saat 05:00 radələrində Çerniqov vilayəti kütləvi raket atəşinə məruz qalıb. Belarus Respublikası ərazisindən Desna kəndinə təyyarələrdən və yerdən 20 raket atılıb. İnfrastruktura ciddi ziyan dəyib”, - deyə məlumatda bildirilib.
İtkilər barədə araşdırma aparılır.
İyunun 25-də səhər saatlarında Lvov vilayəti də raket hücumlarına məruz qalıb. Qara dənizdən atılan 6 raketdən ikisi vurulub.
Bu barədə Lvov vilayəti Hərbi Administrasiyasının məlumatında qeyd olunub.
“Raket zərbələri hərbi obyektə vurulub. Zərbə nəticəsində 4 nəfər xəsarət alıb. Biri orta ağır, üçü yüngüldür. Onlar xəstəxanaya yerləşdiriliblər. Yanğın lokallaşdırılıb", - deyə məlumatda qeyd edilib.