“Amazon” şirkəti bildirib ki, müştərilərin sifarişlərinin çatdırılması üçün dronlardan istifadə edən “Amazon Prime Air” çatdırma sistemini təklif etməyə başlayacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sifarişlərin evlərə çatdırılması üçün dronların köməyindən istifadə olunan sistem ilk növbədə Kaliforniya ştatının Lokford şəhərində tətbiq ediləcək.
“Amazon” şirkətinin bəyanatında bildirilir: “Lokford sakinləri gələcəyin müəyyən edilməsində mühüm rol oynayırlar. Bu sakinlərin bağlamaları çatdıran dronlar barədə rəyləri bütün dünyada müştərilərin tələbatının təmin edilməsi üçün təhlükəsiz xidmət yaratmaqda bizə kömək edəcək”.
“Prime Air” çatdırma xidməti müştərilərin sifarişlərini çatdırmaq üçün dronlardan istifadə edir. İki il bundan əvvəl Federal Aviasiya İdarəsi bağlamaların çatdırılması üçün dronlardan istifadə edilməsinə icazə verib. Bu xidmət çəkisi 2 kiloqramdan bir qədər çox olan bağlamaları ən geci 1 saat ərzində çatdıracaq. “Amazon” şirkəti bildirib ki, “Prime Air” çatdırma xidməti minlərlə adda gündəlik tələbat mallarını əhatə edir. Bu sistemdən istifadə hüququna malik olan müştəri öz sifarişini yerləşdirəndə dronun ona çatdırılacağı təxmini vaxtı öyrənmək və öz paketinin statusuna nəzarət etmək imkanı əldə edir. Dronda bağlamanın təhlükəsiz çatdırılması, habelə başqa obyektlər və təyyarələr kimi maneələrdən yayınmaq üçün onların aşkar edilməsi sistemi nəzərdə tutulub.