İstanbul şəhərində Türkiyə-Ukrayna-Rusiya-BMT arasında dördtərəfli iclas keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
“İstanbulda Türkiyə-Ukrayna-Rusiya-BMT iclasını keçirəcəyik. Həmin görüşdə Ukrayna taxılının gəmilər vasitəsilə daşınma məsələsi müzakirə olunacaq”.
“Gəmi Ukraynanın Mariupol şəhərinin limanından yola düşüb. O, Ukrayna limanını tərk edib. Hazırda yoldadır. Gəminin bir neçə günə Zonquldağ limanına çatması planlaşdırılır. Bizim hərbi nümayəndə heyətimiz Moskvada idi. Bu, həmin danışıqların nəticəsi idi. Hazırda plan üzərində iş gedir”, - Ərdoğanın sözçüsü deyib.
Türkiyə hökumətinin rəsmisi vurğulayıb ki, Odessa limanı müharibə başlayanda ukraynalılar tərəfindən minalanıb: “Haqlı olaraq Rusiya limanı işğal edər deyə, onu minalardan təmizləmək istəmirlər. Bunun əvəzində üç təhlükəsiz dəhliz təklif etdilər. Dedilər ki, onların koordinatları bəllidir, gəmilər girib-çıxa bilər, taxıl daşınmasına başlaya bilərik".
"Hazırda Rusiya və Ukrayna tərəfləri ilə danışıqlar aparırıq. Biz bu görüşü mümkün qədər tez həyata keçirmək istəyirik”, - Kalın vurğulayıb.