İyunun son günlərində Tokioda orta hava temperaturu 1875-ci ildən bəri aparılan müşahidələr ərzində rekord həddə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə iyunun 28-də “Nikkei” qəzeti məlumat yayıb. Bildirilir ki, iyunun 21-dən başlayaraq bu ayın 29-da və 30-da Tokioda orta sutkalıq temperatur 32,8 dərəcə Selsi proqnozlaşdırılır. Buna qədər olan rekord istilər 1946-cı və 1963-cü illərdə qeydə alınıb və 30,8 dərəcə təşkil edib.
Qeyd edilir ki, Yaponiya paytaxtında isti hava ötən həftənin sonlarında başa çatan yağışlar fəslindən sonra qeydə alınıb. Həmçinin bildirilir ki, bu dəfə paytaxt regionunda yağışlar fəsli Yaponiya Meteorologiya Agentliyinin həmin statistikanı aparmağa başladığı 1951-ci ildən bəri ən qısa müddətli olub. Ötən istirahət günlərində Yaponiyanın şərqində yerləşən İsesaki şəhərində iyun ayı üzrə ən yüksək istilər – 40,1 dərəcə Selsi qeydə alınıb.
Yaponiyanın hakimiyyət orqanları ölkə əhalisinə, xüsusən də yaşlı sakinlərə müraciət edərək səhhətlərinə qarşı diqqətli olmağı, Günəş altında çox gəzməməyi və daha çox su qəbul etməyi tövsiyə edib.