44 günlük müharibənin nəticəsi olaraq Azərbaycanın nəzarətinə keçən ərazilərdə nəhəng tikinti-quruculuq işləri aparılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözlər Ermənistanda nəşr olunan “Hrabarak” qəzetində işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinə həsr olunan növbəti yazıda yer alıb.
Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində orada aparılan geniş miqyaslı işlər barədə oxucularına məlumat verən qəzet yazır: “Demək olar ki, hər yerdə, o cümlədən Hadrutda, Şuşada fəal tikinti işləri aparılır: yollar çəkilir, Füzulidə hava limanı fəaliyyət göstərir”.
Laçın rayonunda növbəti beynəlxalq aeroportun tikintisinin aparıldığını xəbər verən nəşr aparılan bərpa-quruculuq işlərinin yeni hərbi hissə və birliklərin yaradılması fonunda baş verdiyini qeyd edir. Bildirilir ki, Prezident İlham Əliyev, ilk növbədə, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası məsələsi ilə məşğuldur. Bu məsələlərin həllindən sonra ərazilərin nizamlanması daha böyük templə davam etdiriləcək.