Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviç Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin Brüsseldə serb və xorvat partiyaların rəhbərləri ilə planlaşdırılan üçtərəfli görüşdə iştirakla bağlı dəvətini qəbul etməyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, B.İzetbeqoviç Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb əsilli sədri Milorad Dodik və Bosniya və Herseqovinanın “Xorvatiya Demokratik İttifaqı” Partiyasının sədri Draqan Çoviçin iştirakı ilə keçirilməsi nəzərdə tutulan görüşün formatının qəbuledilməz olduğunu deyib. O, belə bir görüş formatının Bosniya və Herseqovinanın qurumlarına və konstitusiya quruluşuna hörmət nümunəsi olmadığını bildirib.
Qeyd edək ki, D.Çoviç iyulun 6-da Brüsseldə keçirilməsi planlaşdırılan görüşdə iştiraka razılıq verib, M.Dodik isə qərarını açıqlamayıb.