Yaponiyanın “Kounotori-7” kosmik yük gəmisi yükləri Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatdırmaq üçün kosmosa buraxılıb.
NUHÇIXAN NHK telekanalına istinadla xəbər verir ki, H2B daşıyıcı raketi “Kounotori-7” yük gəmisini Yaponiyanın cənubundakı kosmodromdan sentyabrın 23-də saat 3 radələrində kosmosa çıxarıb.
Gəminin ümumi yükü 6,2 ton ağırlığındadır. Gəmi kosmosa yapon litium akkumlyatorlarını, eksperimental avadanlıq və BKS-nin sakinləri üçün gündəlik tələbat əşyalarını çatdıracaq. Akkumlyatorlar BKS-nin əsas enerji mənbəyidir.
Kosmik yük gəmisinin göyərtəsində 80 santimetr enində kapsul da var. Alimlər həmin kapsulda eksperimentlərin nümunələrini Yerə çatdırmağa planlaşdırırlar.
“Kounotori-7” gəmisinin sentyabrın 27-də yapon vaxtı ilə gecə saatlarında BKS ilə birləşəcəyi gözlənilir.