ABŞ-ın “Space Exploration Technologies Corp” (SpaceX) kompaniyası təyyarə və gəmilər də daxil olmaqla, bəzi nəqliyyat vasitələrini Starlink peyk internetinə qoşmaq üçün ölkənin müvafiq orqanlarından icazə alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ABŞ-ın Federal Rabitə Komissiyasının (FCC) məlumatına görə, “Starlink” peyk interneti təyyarələrdən tutmuş təkərli evlərə qədər bir çox nəqliyyat vasitəsinə quraşdırıla bilər. Müvafiq icazə həm adi, həm də biznes avtomobillərini əhatə edir.
“SpaceX” kompaniyası sürətli peyk internetini təkcə geniş ictimaiyyət arasında deyil, həm də kompaniyalarda da genişləndirməyə çalışır. Belə ki, bir müddət öncə “Delta Air Lines Inc” aviakompaniyası “Starlink” internetini öz təyyarələrində sınaqdan keçirib, “Hawaiian Airlines” kompaniyası isə uçuşlar zamanı təyyarələrdə “Starlink” internetinə çıxışı təmin etmək üçün xidmət təşkil edəcəyini bildirib. “SpaceX” kompaniyasının FCC-yə təqdim etdiyi sənədlərə görə, hazırda “Starlink” şəbəkəsinin bütün dünyada 400 mindən çox istifadəçisi var.
Kompaniya 12 GHz-dən yuxarı tezliklərdə işləməyə icazə almaq üçün digər şirkətlərlə rəqabət aparır. Amerikanın “Dish Network Corp” telekommunikasiya şirkəti özünün yerüstü naqilsiz internet şəbəkəsi layihəsini qorumaq üçün hərəkətdə olan nəqliyyat vasitələrinin “Starlink” şəbəkəsinə çıxışını məhdudlaşdırmağa çağırıb.