Türkiyə Prezidenti: İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsində riyakarlıq əlaməti görsək, ilkin mövqeyimizə qayıdacağımıza heç kim şübhə etməməlidir

A- A A+

Bu məsələdə (İsveç və Finlandiyanın NATO-ya üzvlüyü) hər hansı bir dayanma və ya riyakarlıq əlaməti görsək, ilkin mövqeyimizə qayıdacağımıza heç kim şübhə etməməlidir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetinin hərb institutlarının məzun günündəki çıxışında ifadə edib.

Gündəlikdə duran digər məsələlərə münasibət bildirən Türkiyənin dövlət başçısı qərb qonşusuna da xəbərdarlıq edərək deyib ki, zorakarlığa çalışan Yunanıstan rəhbərliyinə həm bölgəmizdəki, həm də bir əsr əvvəl baş verən hadisələrdən dərs almağı tövsiyə edirik.

Qeyd edək ki, Türkiyə tərəfi İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı veto hüququndan istifadə edərək, adıçəkilən ölkələrin terror təşkilatlarına bu və ya digər formada dəstək vermələrini dayandırmağı qətiyyətlə tələb edib və aparılan müzakirələr nəticəsində bu istəyinə qismən nail olub. Belə ki, NATO-nun Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson Madriddə bir araya gəliblər. Müzakirələrin nəticəsi olaraq imzalanan üçtərəfli anlaşma əsasında İsveç və Finlandiya Türkiyənin terrorçuluğa qarşı mübarizədə tələbələrini yerinə yetirmək üçün öhdəlik götürüblər.

Yunanıstan isə Egey dənizindəki 12 adada sürətlə silahlanaraq Türkiyəni təhdid edir. Bu məsələyə son qoyulmasını tələb edən Türkiyə həm qonşusu Yunanıstana, həm də onun himayədarlarına prosesin bu cür davam edə bilməyəcəyi ilə bağlı kəskin xəbərdarlıq edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: