Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iğtişaşların baş verdiyi Qaraqalpaqstan respublikası ilə bağlı konstitusiyaya dəyişiklik edilməyəcəyini açıqladıqdan sonra bölgədə vəziyyət sabitləşib.
NUHÇIXAN İnformasiya Agentliyi Özbəkistan mediasına istinadla xəbər verir ki, bunu bazar günü prezidentin mətbuat katibi Şerzod Asadov bildirib.
"Prezident Şavkat Mirziyoyev Qaraqalpaqstan Respublikasının Nukus şəhərindədir. Bu gün səhər dövlət başçısı Qaraqalpaqstanın bütün rayonlarının qoşulduğu videokonfrans keçirib. Rayonların rəhbərləri vətəndaşların təhlükəsizliyini təmin etmək, qanunçuluğu və asayişi gücləndirmək üçün görülən tədbirlər barədə məlumat veriblər. Qeyd edilib ki, dövlət başçısının dünənki müraciətindən sonra vəziyyət stabilləşib və normal məcraya qayıdır”, - mətbuat katibi Teleqram kanalında belə yazıb.
İyulun 1-də Qaraqalpaqıstanda yerli hakimiyyəti ələ keçirməyə göstərilən cəhd zamanı baş vermiş iğtişaşlar səbəbindən iyulun 3-də bölgədə fövqəladə vəziyyət rejimi tətbiq edilib. İctimai asayişin və həyati təminat obyektlərinin mühafizəsi gücləndirilib, komendant saatının qüvvədə olduğu gecə saatlarında ictimai və şəxsi nəqliyyatın hərəkəti, iaşə obyektlərinin və pərakəndə satış obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb. Həmçinin fövqəladə vəziyyət rejimi müddətində kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.
Bölgədəki iğtişaşlardan sonra Prezident Şavkat Mirziyoyev konstitusiyaya Qaraqalpaqstanın statusu ilə bağlı dəyişikliklər etməmək qərarına gəlib.
Ölkənin əsas qanununa dəyişikliklər layihəsini hazırlamaq üçün yaradılmış komissiyanın hazırladığı qanun layihəsində 200-ə yaxın, o cümlədən regionun statusuna dair iki dəyişiklik nəzərdə tutulurdu. Belə ki, 1992-ci ildə qəbul edilmiş konstitusiyadan Qaraqalpaqstanın Özbəkistan Respublikasının tərkibində suveren respublika olması və onun tərkibindən qaraqalpaq xalqının ümumi referendumunun nəticələrinə əsasən çıxa bilməsi ilə bağlı müddəaların çıxarılması təklif edilirdi.