Nazir Mövlud Çavuşoğlu: İsveç və Finlandiya mövcud sənədin şərtlərini yerinə yetirmək məcburiyyətindədirlər
Prezident Rəcəb Tayyib Ərdoğan Madriddəki dördtərəfli görüşdə Türkiyənin qəti şərtlərini açıqladı. İlk dəfə olaraq YPG/PYD terror təşkilatlarının adları NATO-ya bağlı sənəddə əksini tapdı. İsveç və Finlandiya mövcud sənədin şərtlərini yerinə yetirmək məcburiyyətindədirlər. Əks halda onları NATO sıralarına qəbul etməyəcəyik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində ifadə edib.
Nazir diqqətə çatdırıb ki, İsveç və Finlandiya ilə iki problem mövcuddur. Birincisi PKK kimi terror təşkilatlarının fəaliyyətləri, ikincisi isə sənaye məhsulları ilə bağlı tətbiq olunan embarqo.
Gündəlikdə olan digər məsələlər, o cümlədən terrorizmlə mübarizə istiqamətində atılan addımlar barədə məlumat verən nazir Mövlud Çavuşoğlu deyib ki, əgər Türkiyə tərəfi Suriya ərazisindən özünə qarşı hər hansı bir təhdid görsə, onu dərhal zərərsizləşdirəcək.
Qeyd edək ki, NATO-nun Madrid Sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında görüşün nəticəsi olaraq imzalanan üçtərəfli anlaşmaya görə, Finlandiya və İsveç Türkiyəni narahat edən məsələlərin həlli istiqamətində öhdəlik götürüblər.