Rusiya ötən həftə 70 diplomatının Bolqarıstandan çıxarılmasına cavab olaraq bu ölkənin vətəndaşlarına turist vizalarının verilməsini dayandırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Novinite portalı məlumat yayıb. Belə bir addım Bolqarıstan vətəndaşlarının Rusiyaya gəlmək imkanlarını praktiki olaraq məhdudlaşdırır. Yerli KİV-in məlumatlarına görə, Rusiya səfirliyi vizaları yalnız yaxın qohumlara verir. Rusiyanın Bolqarıstandakı səfirliyinin saytında turist vizalarının verilməsinin dayandırılması ilə bağlı informasiya yoxdur.
Bolqarıstanın Baş naziri Kirill Petkov iyulun 1-də Moskvanın ultimatumunu rədd edərək, 70 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərarını dəyişməyəcəyini bildirib. Bolqarıstan hökumətinin başçısı iddia edib ki, Rusiya səfirliyinin əməkdaşlarının əksəriyyəti xarici kəşfiyyata işləyirdi, “onların diplomatik rolu isə yalnız örtük idi”.