İtaliyanın Baş naziri Mario Draqinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri uğurla keçib. İki dost ölkə arasında mühüm əməkdaşlıq sənədləri imzalanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iki ölkə liderləri, eləcə də heyətlərarası görüşlərdən, həmçinin üçüncü hökumətlərarası zirvə toplantısından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliyanın Baş naziri Mario Draqin birgə mətbuat konfransı keçiriblər.
Əvvəlcə liderlər müzakirə olunan məsələlər barədə ümumi məlumat veriblər. Diqqətə çatdırılıb ki, Türkiyə ilə İtaliya arasında əməkdaşlığın dinamikası, beynəlxalq və regional proseslər müzakirə olunub.
Bölgəmizdə baş verən proseslərin Türkiyənin bir çox sahələrdə Avropa İttifaqı üçün nə qədər əhəmiyyətli olduğunu diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan bildirib ki, qarşıdakı bir həftə, 10 gün ərzində danışıqları intensivləşdirib Qara dənizdə taxıl daşınmasına dair nəticə əldə etməyə çalışacağıq.
Prezident Rəcəb Tayyib Ərdoğan ifadə edib ki, SAMP-T (hava hücumundan müdafiə sistemi) məsələsində imza mərhələsinə gəlmək istəyirik. Çünki bu, müdafiə sistemlərimiz üçün də böyük əhəmiyyət kəsb edir.
İki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişafını yüksək dəyərləndirən Mario Draqin Türkiyənin Qara dənizdə taxıl daşınmasına dair vasitəçilik missiyasının böyük əhəmiyyətə malik olduğunu bildirib.
Xatırladaq ki, iki ölkə arasında hökumətlərarası zirvə toplantısının birincisi 2008-ci ildə İzmirdə, ikincisi isə 2012-ci ildə Romada keçirilib.