Avropa İttifaqı Rusiyaya qarşı hazırlayacağı yeddinci sanksiya paketi çərçivəsində bu ölkədən qızıl idxalına qadağa qoymağı nəzərdən keçirir.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib.
“Sanksiyalar üzərində çalışmalar davam edir. Yeddilik Qrupundan (G7) olan tərəfdaşlarımızla birlikdə Rusiya qızılına qarşı məhdudiyyətləri nəzərdən keçiririk. Hazırda əsas prioritet indiyədək qəbul edilmiş sanksiyaların bütün ölkələr tərəfindən tam şəkildə həyata keçirilməsidir”, - deyə Şarl Mişel bildirib.
Rusiya qızılının satın alınmasına qadağa qoyulması ideyası iyunun sonunda keçirilən G7 sammitində fəal müzakirə olunub. Avropa İttifaqı hazırda Rusiyaya qarşı sanksiyaları davam etdirmək üçün yeni imkanlar axtarır. İyunun 3-də qəbul edilən altıncı sanksiya paketində Rusiya neftinə embarqo tətbiq edilib. Avropa İttifaqı hələlik genişmiqyaslı iqtisadi böhran yaratmadan Rusiya qazının idxalına qadağa qoya bilmir.