Fələstin Prezidenti Mahmud Abbas ABŞ prezidenti Cozef Baydenin Yaxın Şərq səfəri ərəfəsində İsrailin müdafiə naziri Beni Hansla görüşüb. Görüşdə təhlükəsizlik sahəsində koordinasiya məsələləri müzakirə olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin katibi Hüseyn əş-Şeyx bildirib.
“Fələstin prezidenti görüş zamanı siyasi üfüq yaratmağın, imzalanan sazişlərə hörmətlə yanaşmağın və vəziyyətin gərginləşməsinə səbəb olan bütün fəaliyyətlərin dayandırılmasının vacibliyini vurğulayıb. Mahmud Abbas, həmçinin ABŞ Prezidenti Cozef Baydenin regiona səfəri ərəfəsində əlverişli atmosferin yaradılmasının vacibliyini qeyd edib”, - deyə Hüseyn əş-Şeyx özünün “Twitter” hesabında yazıb.
Görüş Mahmud Abbasın İordan çayının qərb sahilində, Ramallah şəhərindəki rəsmi iqamətgahında baş tutub.
ABŞ Prezidenti Cozef Bayden iyulun 13-dən 16-dək İsrailə, İordan çayının qərb sahilinə və Səudiyyə Ərəbistanına səfər edəcək. Ağ ev administrasiyasının məlumatına görə, Birləşmiş Ştatların lideri Fələstin prezidenti də daxil olmaqla, regiondakı bir sıra həmkarları ilə görüşməyi planlaşdırır.