“Ötən gecə Rusiyanın arxa cəbhədə 20-dək silah-sursat anbarını məhv etmişik”.
NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Oleksey Arestoviç ABŞ-ın HIMARS reaktiv yaylım atəşi sisteminin üstünlüyündən danışarkən vurğulayıb.
Onun sözlərinə görə, Rusiya hərbçilərinin irəliləməsinin qarşısını almaq üçün onların arxa cəbhəsində anbarlarının məhv edilməsi çox vacibdir:
“70 km-lik məsafəyədək dəqiq zərbə nəticəsində rəqib yeni anbarları cəbhə xəttindən uzaqlaşdıracaq. Bu, öz növbəsində logistikanın çətinləşməsi, sursatın çatdırılması sürətinin və miqdarının azalması deməkdir”.
O qeyd edib ki, ABŞ Ukraynaya verdiyi HIMARS rəqibin 300 km-lik məsafədəki hədəfini də məhv edə bilir.
Xatırladaq ki, ABŞ Ukraynaya 4 HIMARS reaktiv yaylım atəşi sistemi verib və 400 milyon dollar əlavə hərbi yardım ayırıb.