Fransada bazar ertəsindən başlayaraq, istirahət günlərinə doğru güclənəcək şiddətli istilər gözlənilir.
NUHÇIXAN İnformasiya Agentliyi BFMTV telekanalına istinadla xəbər verir ki, isti hava şəraiti 2003-cü ilin anomal istilərini ötə bilər. Bu gün Fransanın cənub-qərbində 36-38, cənub-şərqində 34-36, şimalında isə hələlik 30-34 dərəcə isti proqnozlaşdırılır. Sinoptiklərin məlumatına görə, həftə sonu Tuluza, Paris və bir neçə şəhərdə havanın temperaturu 40 dərəcəni ötəcək.
Meteo-France xatırladır ki, 2003-cü ilin avqustunda iki həftə sürən istilər xüsusilə intensiv olmuş və ölkənin xeyli hissəsini əhatə etmişdi. Həmin vaxt temperatur 35-40 dərəcə arasında dəyişmişdi.
Bu il Fransaya yay istiləri adi vaxtlarda olduğundan tez gəlib. Anomal istilər Şimali Afrikadan isti hava kütləsinin daxil olması ilə izah edilir.
İspaniya, İtaliya və Böyük Britaniyada da isti hava şəraiti hökm sürür. Quraqlıq səbəbindən İtaliyanın bəzi ərazilərində fövqəladə vəziyyət rejimi tətbiq olunub. Alimlərin fikrincə, Avropada müşahidə olunan anomal hava şəraiti qlobal istiləşmə ilə əlaqədardır.