COVID-19 pandemiyasından sonra ilk dəfə 1 milyon zəvvarın iştirak etdiyi müqəddəs Həcc ziyarəti başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, bu gün hacılar son ayini - Məscidül-Həramdakı müqəddəs Kəbənin ətrafında təvaf icra ediblər. Sonra “İbrahim məqamı”nın ətrafında iki rükət təvaf namazı qılınıb.
İki Müqəddəs Ocağın Xadiminin müşaviri, şahzadə Xalid Al-Faysal bildirib ki, builki Həcc ziyarəti yüksək səviyyədə keçirilib. Onun sözlərinə görə, rəhbərlik etdiyi Məkkə qubernatorluğu zəvvarlara keyfiyyətli nəqliyyat, səhiyyə xidmətləri göstərib, həmçinin onlara 1 milyon müqəddəs Quran kitabı paylanılıb.
Səudiyyə Ərəbistanının səhiyyə naziri Fəhd Al-Cəlacel jurnalistlərə müsahibəsində deyib ki, Həcc ziyarəti günlərində zəvvarlar üzərində 447 dializ seansından əlavə, 10 açıq ürək əməliyyatı və 187 ürək kateterizasiyası həyata keçirilib. Onun sözlərinə görə, səhiyyə xidmətlərindən yararlanan zəvvarların sayı 130 minə yaxındır, həmçinin Virtual Sağlamlıq Xəstəxanası 2000-dən çox hacıya xidmət göstərib. Məkkə və Mədinədə yaradılmış səhiyyə briqadalarında 25 mindən çox tibb işçisi və 2 min könüllü iştirak edib.