Böyük Britaniyanın yeni Baş nazirinin, hakim Mühafizəkarlar Partiyasının rəhbərinin adı sentyabrın 5-də məlum olacaq. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu növbəti partiya liderinin seçilməsi prosesinə cavabdeh olan Parlament 1922-ci il Komitəsinin rəhbəri Qrem Bredi bildirib.
“Nəticə sentyabrın 5-də açıqlanmalıdır, bu, parlament yay tətilindən qayıdanda baş verəcək”, - deyə o bildirib.
Namizədlərin irəli sürülməsi ilə bağlı rəsmi prosedur iyulun 12-nə təyin edilib. İyulun 13-də partiya sədri vəzifəsinə namizədlər üzrə səsvermənin birinci turu, çox güman ki, iyulun 14-də ikinci tur keçiriləcək. İyulun 21-dək siyahıda iki namizəd qalmalıdır.
Mühafizəkarlar Partiyasının 11 nümayəndəsi öz namizədliklərini irəli sürmək istədiklərini bəyan ediblər.
Qeyd edilib ki, iyulun 7-də Böyük Britaniyanın Baş naziri Boris Conson britaniyalılara müraciətində istefa vermək, eləcə də Mühafizəkarlar Partiyasının lideri postunu tərk etmək qərarına gəldiyini açıqlayıb. O, yeni partiya lideri seçilənə qədər baş nazir vəzifəsini icra edəcək.