Ukrayna iki həftə ərzində ABŞ-dan ümumilikdə 3 milyard dollar həcmində iki tranş alıb.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal özünün tviter səhifəsində yazıb.
“Dünya Bankından və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən Ukrayna büdcəsinə 1,7 milyard dollar qrant daxil olub. Bu, iki həftə ərzində ABŞ-ın Kiyevə təqdim etdiyi ikinci qrantıdır. Hər iki yardımın ümumi həcmi 3 milyard dollar təşkil edib”, - deyə Denis Şmıqal bildirib.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri buna cavab olaraq Rusiyaya qarşı tətbiq edilən sanksiyaları getdikcə genişləndirir, Ukraynaya isə hərbi və humanitar yardımlar artırılır.