Ukrayna limanlarında gözləyən taxıl yüklü gəmilərin təhlükəsiz keçidi ilə əlaqədar hərbi heyətlər arasında danışıqlar iyulun 13-də İstanbulda keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ərzaq böhranının həllinə dair diplomatik səyləri və göstərişləri əsasında keçirilən görüşlərin müsbət istiqamətdə irəlilədiyini qeyd edib. Görülən işlər çərçivəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ukrayna müdafiə naziri Oleksey Reznikov ilə danışıqlar apardığını xatırladan nazir Akar bu müzakirələrin Türkiyə ilə Rusiya və Ukrayna arasında birbaşa davam etdirildiyini diqqətə çatdırıb.
Danışıqların heyətlər arasında davam etdiyini vurğulayan nazir deyib: “Bütün bu görüşlərdən sonra sabah Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirliklərinin hərbi heyətləri ilə BMT nümayəndə heyəti İstanbulda Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınmasına dair danışıqlar aparacaqlar”.